Hövzə Xəbər Agentliyinin “TurkPress” mediasına istinadən verdiyi məlumata əsasən, bu mərkəz CENTERCIF adı ilə, Türkiyənin mədəniyyət və turizm naziri Məhəmməd Nuri Ərsoyun nəzarəti altında, anadolunun sivilizasiyalar muzeyində keçirilən rəsmi mərasimdə və yüksək vəzifəli rəsmilərin iştirakı ilə fəaliyyətə başlayıb.
Nazir Ərsoy çıxışında İslamofobiyanın tarixi aspektlərini təhlil edərək, bu fenomeni bəşəriyyət tarixində ayrıseçkilik və təşkil olunmuş repressiya siyasətinin davamı kimi qiymətləndirdi. O vurğuladı ki, Qərb təfəkküründəki irqçi üstünlük ideyası bu gün müsəlmanlara qarşı nifrətin yayılması üçün siyasi və iqtisadi vasitəyə çevrilib.
Rəsmi şəxslərin açıqlamasına görə, mərkəzin strateji baxışı dörd əsas sahəyə yönəlib: İslamofobiya halları üzrə nəzarət və sənədləşdirmə, qurbanlara hüquqi və psixoloji dəstək göstərilməsi, elmi tədqiqatların aparılması və beynəlxalq əməkdaşlıqların gücləndirilməsi. Həmçinin mərkəz ixtisaslaşmış bölmələri vasitəsilə dünyada müsəlmanlara qarşı ayrıseçkilik və nifrət çağırışlarını izləyəcək və qeydiyyata alacaq.
Mərasimin başqa bir hissəsində Türkiyənin xarici işlər nazirinin müavini professor Burhanəddin Duran İslamofobiyanın beynəlxalq ölçülərinə toxunaraq bildirib: Bu fenomen artıq təkcə fərdi və ya irqçi bir davranış deyil, bəzi ölkələrdə sistemli və strukturlu bir siyasətə çevrilmişdir.
O əlavə etdi: Bu mərkəz dünya səviyyəsində İslamofobiya halları üzrə sənədləşdirmə və onların diqqətə çatdırılması üçün çalışacaq ki, bu tədbirlər beynəlxalq platformalarda diqqət mərkəzində olsun.
Bu mərkəzin fəaliyyətə başlaması, hazırda bir çox qərb ölkələrində müsəlmanlara qarşı nifrət ritorikasının artdığı bir dövrdə baş verir.
Bu ixtisaslaşmış qurum, dövri hesabatlar hazırlayaraq və maarifləndirici kampaniyalar təşkil edərək, İslamofobiya ilə mübarizədə elmi və praktik yanaşma təqdim etməyi planlaşdırır.
Açılış mərasimi iştirakçıların sülh, dialoq və mədəniyyətlərarası anlaşma dəyərlərinin təşviqinin zəruriliyini vurğulaması ilə başa çatdı. Mərkəzin rəsmi fəaliyyəti yaxın həftələrdə başlayacaq və ilkin proqram və tədbirlər barədə tezliklə məlumat veriləcək.
Xəbərin sonu.
Rəyiniz